вторник, 15 марта 2011 г.

İlqar Əlfioğlu - “Rok-n-Roll” haqda hekayələr


Mənim yaşıdım inqilab


Birinci hekayət


1955 - Yeniyetmələrin inqilabı


Bəşəriyyatin əzəl nöqtəsindən bəri davam edən “atalar və oğullar konflikti” nəhayət ki, görünməmiş bir inqilaba səbəb oldu... 


Bu, əsl inqilab idi... 
Bu inqilab bütöv bir nəslin həyatını dəyişərək sonra gələnlərin dünyagörüşünə öz möhürünü birdəfəlik vurdu... 
Mən bu inqilabı tsunamiyə bənzədərdim - bütün yer üzünü ağuşuna alıb öz bətnində gizləyən misilsiz bir tsunamiyə...


Rok-n-roll inqilabı qoca tarixin axarını tamam dəyişdi, hökümətlərin canına vic-vicə saldı, yaşlıları vadar etdi ki, özlərinə kənardan baxıb, təzədən qiymətləndirsinlər.
Və bu inqilabı bütün qalanlarından fərqləndirən bir cəhət də vardı: gətirdiyi təbəddülatın vüsət və dərinliyinə rəğmən, bircə damla belə insan qanı axmadı...


Mən xoşbəxtəm ki, bu inqilabın yaşıdıyam!  


*   *   *


Soruşacaqsınız ki, niyə belə düşünürəm?


Ona görə ki, 50-ci illərin yeniyetmələri üçün rok-n-roll hər şeydə - zövqün formalaşmasında; geyim, danışıq, davranış, rəqs, hətta yeriş tərzində; dünyaya, hakimiyyətə, öz valideynlərinə baxışında; ən başlıcası isə, özünüqiymətləndirmə meyarlarında bir çevriliş idi. Və nə qədər ki, bu inqilab baş verməmişdi, 12-20 yaşlıların öz sifəti yox idi – bunu əminliklə söyləyə bilərəm. O zamana qədər uşaq və yeniyetmələr öz valideynlərinə bənzəməyə çalışır, valideynlərinin dünyagörüşünə söykənirdilər. Geyimdə də, davranışda da, həyata baxışlarında da onları təqlid edirdilər. Və əslində mən doğulanadək yeniyetmələrin hamısı yalnız öz valideynlərinin kiçik kopyası idi – özlərini onlar kimi düşünməyə, onlar kimi geyinməyə, onlar kimi davranmağa məcbur edən və əslində öz siması olmayan solğun kopyalar... 
50-ci illərin çox dəbdə olan ailəvi şəkillərinə diqqətlə baxsanız, hər şeyi özünüz görərsiniz... 


Mən müstəqil, hər cür ehkam və stereotiplərdən uzaq, həmişəcavan düşüncə tərzimə görə o inqilaba borclu olanlardanam – ona görə rok-n-rolla yaşıdlığımı özüm üçün xoşbəxtlik sayıram.


*   *   *


Rok-n-roll bu boz-bulanıq mənzərəni kökündən dəyişə bildi. O, müstəqil düşünən, öz valideynlərinin, müəllimlərinin, hökümətlərinin düşüncə tərzindən fərqli dünyagörüşünə malik və bu fərqlilikdən natamamlıq kompleksi yaşamayan, əksinə, çox böyük zövq alan məxsusi bir nəsil yetişdirdi. Bu inqilabın üstündən qısa bir zaman keçdi və günlərin birində böyüklər ayılıb gördülər ki, natamamlıq kompleksini bəyənmədikləri, anlamadıqları övladları deyil, özləri yaşayırlar...


*   *   *


Yeni nəsil formalaşırdı... Dünyanın hər yerində eyni proses gedirdi – hətta dəmir barmaqlıqlar arxasında yaşayan Sovetlər İttifaqında da. Bu inqilab bizə beşillik gecikməylə yetişsə də, onun qarşısını heç barmaqlıqlar da ala bilmədi. Rok-n-roll öz işini gördü. Qəribə ritualları, geyimləri, dilləri, sirrləri və musiqiləri olan misilsiz bir nəsil yaratdı. Bu qeyri-adi musiqi idi - səsli-küylü, kobud, qışqırıqçı, özündə görünməmiş bir enerji yükü gizləyən. Bu musiqi adamın gicgahlarında çəkic kimi vururdu. Onu təsvir etməkdə söz acizdir. Onu yalnız hiss etmək olar və bir də dinləmək. 
Yox, əslində onu dinləmək də olmaz – mütləq oynamaq lazımdı. 
Oynamağa başladınmı – yaşayacaqsan. 
O, adrenalin mənbəyidi - sənin damarlarında vuracaq, səni yaşadacaq...


*   *   *


Bütün bunları məhz Rok-n-roll bacardı - əsrarəngiz, izaholunmaz, amma insani sevinc qədər real duyulan rok-n-roll... 


Onu untellektual analizə məruz qoyub, təhlil etməyə, üzərinə hər hansı bir yarlık yapışdırmağa ehtiyac yoxdur. O bütün analizlərdən yüksəkdə durur. Odur ki, mən oxu dəfələrlə daşa dəymiş musiqişünasların yanlış yanaşmasını təqlid etməyəcəm – onsuz da bir nəticə hasil olan deyil. Mən bu hekayətlərimdə ancaq rok-n-rollun necə yarandığından, cəmiyyətə nələr gətirdiyindən və parlaq simalarından söz açacam. Bu gün heç kəs konkret deyə bilməz ki, rok-n-roll öz mənşəyini hardan götürür. Çünki yaranış tarixi nisbətən yaxın zamanlara təsadüf etsə də, o da daha çox əsl xalq yaradıcılığı kimi, kollektiv zehnin məhsuludur. 
Bircə şeyi əminliklə demək olar: öz mahiyyətinə görə rok-n-roll ağdərili insanların ifa etdiyi, zənci mənşəli musiqidir.   
Amerika Birləşmiş Ştatlarında İkinci Cahan savaşından sonra belə, zəncilər irqi məhrumiyyətlərə məruz qalırdılar. Onlar hər yerdə ikinci növ vətəndaş sayılır, ağlara qarışmadan, ayrica gettolarda yaşayır, sözün əsl mənasında yeni incəsənət yaradırdılar. O dövrdə zənci cavanları ənənəvi xalq musiqisinə şəhər damğası vuraraq onu canlandırmış “ritm ənd blüz” üslubuna üstünlük verirdilər. Yeni zənci musiqisi artıq ruhdan, qəlbdən çox, bədənin, sinirin musiqisi idi. Və ağdərili cavanların diqqətini də məhz bu cəhət özünə çəkdi. 
O illər köhnə radiolarının düyməsini yorulmadan fırlayaraq bəyəndiyi musiqinin axtarışlarına çıxan ağdərili yeniyetmələr təsadüfən zövqlərini oxşayan, tələbatlarına cavab verən yeni musiqiylə rastlaşırdılar. Onlar nəyə qulaq asdıqlarını bilmirdilər - bu musiqinin heç adı da yox. Axı rəsmən mövcud olmayan bir şeyə kim idi ad qoyan?..


Amma adı olmayan bu musiqi artıq mövcud idi. Bu musiqi zəncilərə məxsus idi. Çünki heç bir ağdərili valideyin cəngəlliklərin qəribə ritmlərini öz evinə qoymazdı...


Beləliklə, qaralara çoxdan tanış olan yeni musiqi yavaş-yavaş ağdərili cavanların da musiqisinə çevrilirdi...


(Ardı var)



Комментариев нет:

Отправить комментарий